Muxtar respublikada basketbol idman növünün inkişafı diqqət mərkəzində saxlanılır

Muxtar respublikada basketbol idman növünün inkişafı diqqət mərkəzində saxlanılır

Naxçıvan Muxtar Respublikası Basketbol Federasiyasında 10 oğlan, 2 qız qrupundan ibarət olmaqla, 12 qrup fəaliyyət göstərir. Ötən il həmin qrupların hazırlığı diqqət mərkəzində olub, federasiya tərəfindən 45 tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, muxtar respublikanın Basketbol Federasiyasının 2017-ci ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bu barədə danışılıb.

Qurumun sədri Mahir Əliyev bildirib ki, qruplarda məşqlər aparmaq, lazımi nəticələr əldə etmək məqsədilə rayon və şəhər komandalarına məşqçi-müəllimlər təyin edilib. Hazırda fəaliyyət göstərən qız və oğlan qruplarında 200-dən çox idmançı basketbolla məşğul olur.

Naxçıvan Muxtar Respublikası gənclər və idman naziri Azad Cabbarov çıxışında vurğulayıb ki, komanda oyunları arasında ən geniş yayılmış idman növlərindən biri olan basketbolun inkişafı və idmanın bu sahəsi üzrə kütləviliyin təmin edilməsi nazirlik tərəfindən diqqət mərkəzində saxlanılıb və Basketbol Federasiyası ilə birgə çoxsaylı tədbir təşkil olunub. Ötən ilin birinci yarısında basketbol üzrə II Naxçıvan çempionatı keçirilib və bu turnirdə 10 komanda mübarizə aparıb. Həmçinin may ayında ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Heydər Əliyev kuboku” da Naxçıvanda basketbol üzrə kütləviliyin təmin edilməsi baxımından mühüm əhəmiyyətə malikdir.

“Ötən il mütəmadi olaraq məşqçi və mütəxəssislərin rəhbərliyi altında yeniyetmə və gənc idmançılara seminarlar keçirilib, onların bu sahədə bilik və bacarıqları artırılıb” – deyən nazir, əldə olunan nailiyyətlərin Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi ilə Basketbol Federasiyasının birgə və məqsədyönlü fəaliyyətinin nəticəsi olduğunu bildirib.

Azad Cabbarov vurğulayıb ki, nazirlik idman federasiyaları ilə birgə dövlət idman siyasəti çərçivəsində qarşıya qoyulmuş tələb və tapşırıqları 2018-ci ildə də uğurla icra etməyə çalışacaq.

İclasın yekununda sədr Mahir Əliyev federasiyanın yeni idarə heyətini təqdim edib və onlara 2018-ci ildə uğurlar arzulayıb.

Mənbə: AZƏRTAC

12:02
602
RSS
Нет комментариев. Ваш будет первым!